26 iyul 2021-ci ildə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında (bundan sonra "Qərar") müəyyən dəyişikliklər edilmişdir.
Qərarın 2.5-5.1-ci Maddəsinə əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir:
mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;
mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;
bu Qərarın 2.4-cü bəndi nəzərə alınmaqla, bu Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr;
2.5-5.2 Maddəsində göstərildiyi kimi, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir.
Qeyd etmək lazımdır ki, yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:
ictimai iaşə müəssisələrində;
mehmanxanalarda;
iri ticarət mərkəzlərində.
Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Qərar və Əlavələrinin təfərrüatlarını aşağıdakı linkdən əldə etmək olar: https://nk.gov.az/az/document/5476/