Hazırkı Xülasədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra “Konstitusiya Məhkəməsinin Plenumu”) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra “Əmək Məcəlləsi”) 3-cü maddəsinin 1-ci hissəsinin, 294-cü və 296-cı maddələrinin şərh edilməsinə dair məhkəmə iclasının qərarının (bundan sonra “Qərar”) qısa məzmunu öz əksini tapmışdır.
Qərarda hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin ləğvi halında həmin filial və nümayəndəliklərin işçilərini işdən azad edərkən hansı hallarda Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndlərinin tətbiq ediləcəyi qeyd edilmişdir. Həmçinin, Qərarda “fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan” anlayışının təfsiri və əmək mübahisələrinə baxılma qaydası öz əksini tapmışdır.
Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinə əsasən müəssisə dedikdə, mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi başa düşülür.
Baxmayaraqki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “Mülki Məcəllə”) 53-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər, hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə, rəhbərləri isə hüquqi şəxsin etibarnamələri üzrə fəaliyyət göstərirlər. Yuxarıda qeyd edildiyi kimi, Əmək Məcəlləsinə əsasən hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filial və nümayəndəliklərini əmək hüquq münasibətlərinin bərabərhüquqlu subyektləridir, yəni bərabər hüquqa sahib olaraq həm hüquqi şəxs olan mülkiyyətçi, həm də onun struktur bölmələrinin rəhbərləri işəgötürən qismində çıxış edirlər.
Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində verilən anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.
Yuxarıda qeyd edinləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu bu Qərara gəlmişdir ki, əmək müqaviləsi işçi ilə mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, habelə səlahiyyətli orqan tərəfindən bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəliyin ləğvi zamanı əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə ləğv edilməlidir.
Əmək müqaviləsi işçinin çalışdığı iş yeri üzrə mülkiyyətçinin müvəkkil etdiyi müəssisənin rəhbəri ilə bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv edilərkən həmin müqavilə müəssisənin ləğv edilməsi əsası ilə, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv olunmalıdır.
Qərara əsasən Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə əsasən, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır.
Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanı səciyyələndirən şərtlər aşağıdakılardır:
yaradılmasının kollektiv müqavilədə nəzərdə tutulması;
müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılması;
Əgər müəssisədə kollektiv müqavilə bağlanmamışsa və ya bağlanmış kollektiv müqavilədə belə bir orqanın yaradılması nəzərdə tutulmamışdırsa, bu zaman Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinə yalnız məhkəmələrdə baxıla bilər.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, Dövlət Əmək Müfəttişliyi Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.
Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.
Qərarla aşağıda qeyd edilən linkdən Konstitusiya Məhkəməsinin rəsmi saytına keçid etməklə ətraflı tanış ola bilərsiniz.